Külək mühərrikləri

 Bu səhifədə biz qanadlı külək mühərriklərinin işini tədqiq edəcək və nə cür işləməsiniə aydınlıq gətirəcəyik. Qeyd etmişdik ki, küləyin enerjisini mexaniki işə çevirən qurğuya külək mühərriki deyilir.
Əgər külək mühərriki hansısa bir mexanizmi hərəkətə gətirib faydalı iş görmürsə, bu sadəcə əyləncə və ya zövq üçün düzəldilmiş maket ola bilər. Lakin sənaye, məişət və kənd təsərrüfatı əhəmiyyətli külək qurğuları faydalı iş görür elektrik enerjisi istehsal edir, suvarmada və s. sahələrdə tətbiq olunur.
Standart külək mühərriki aşağıdakı hissələrdən ibarətdir:
1. Pər (propeller və ya külək çarxı);
2. Giriş valı və ya əsas val;
3. Aralıq ötürücü mexanizm; (Dişli çarx ötürməsi; reduktor və ya multiplikator)
4. Əyləc muftası;
5. Çıxış valı və ya yüksək sürətli val;
6. İşçi maşın (generator, su nasosu, kompressor və s.);
7. Soyutma sistemi.
8. Qüllə
Bunlardan başqa külək mühərrikində əlavə köməkçi avadanlıqlar da mövcutdur. Onlar aşağıdakılardan ibarətdir:
1. Anemometr.
2. Külək istiqamət göstəricisi və ya flüger.
3. Avtomatlaşdırılmış nəzarət sistemi.
4. İstiqamətləndirici mexanizm.



Pər yə ya külək çarxı külək mühərrikinin əsas hissəsi olub, onun vəzifəsi küləyin hərəkət enerjisini pərin firlanma enerjisinə (faydalı işə) çevirməkdir. Pər təkər topundan və bu topun ətrafına quraşdırılmış qanadlardan ibarətdir. Qanadlar külək mühərrikinin təyinatından və modelindən asılı olaraq müxtəlif sayda ola bilər. Adətən nəhəng külək mühərriklərində qanadlar sayı 2−3 ədəd olur. Pərlərin profilinin forması xüsusi laboratoriyalarda, aerodinamik borularda çoxsaylı sınaqlarla təcrübi yolla tapılır və ən əlverişli yüksək aerodinamik keyfiyyətə malik profillər təyin olunur. Yüksəksürətli pərlər üçün FX 63-127, NACA 642-415 kimi yüksək keyfiyyətli profillər tətbiq olunur. Bundan başqa NACA 4415, CLARK−Y, ЦАГИ Р-II-12 və s. profillər də mövcutdur. Pərin qanadları topa hərəkətli və sərt şəkildə bərkidilə bilər. Birinci halda qanadlar topun yuvasında sərbəst dönərək hücum bucaqlarını küləyin müxtəlif sürət rejimlərinə uyğun dəyişə bilir. Belə pərlərdə gücün və fırlanma tezliyinin sabitliyi təmin olunur. İkinci halda isə pər tənzimlənməyən olur və kiçik güclü qurğularda tətbiq olunur.
Külək mühərrikində pər əsas vala bərkidilir. Əsas vala həmçinin giriş valı və ya aşağı sürətli val da deyə bilərik. Pər bu valı küləyin sürətindən asılı olaraq 30−60 dövr/dəq sürətilə fırladır. İstismar zamanı təhlükəsiz və dayanıqlı işləməsi üçün pər bu valla çoxlu sayda boltlarla birləşdirilir. Əsas valın sonu isə dişli çarx ötürməsinin giriş valına qoşulur. Ona görə də bu vala həm də giriş valı deyilir.
Siz bilirsiniz ki, bir çox maşın və mexanizimlər heç vaxt birbaşa mühərrikə qoşulmur. Avtomobilin aparan çarxları heç vaxt mühərrikə birbaşa qoşulmur, arada mütləq sürətlər qutusu adlanan dişli çarxlardan ibarət mexanizm olur. Əgər bu cür mexaniki sürət tənzimləyiciləri olmasaydı onda maşın və avadanlıqlar tələb olunan səraitdə və tələb olunan səviyyədə effektiv işləyə bilməz və ya işəsalma zamanı ümumiyyətlə, işləməzdilər. Bu deyilənlər həmçinin külək qurğularına da aid edilir. Pər və işçi maşını əlaqələndirən aralıq ötürücü mexanizim əlavə müqavimət yaradır və güc itkisinə səbəb olur. Lakin buna baxmayaraq onlardan istifadə etmədən keçinmək qeyri-mümkündür. Bu ötürücü mexanizimlər giriş və çıxış vallarına malik olub, iş rejimindən və konstruksiyasından asılı olaraq reduktor və ya multiplikator adlanır. Reduktorlar pərin yüksək fırlanma sürətini çıxış valında kiçik fırlanma sürətinə çevirir və təxminən həmin nisbətdə də çıxış valındakı burucu momenti artırır. Pər reduktorda giriş valına, işçi maşın isə çıxış valına qoşulur. Reduktorlar külək qurğularında kiçik sürət və böyük burucu moment tələb edən porşenli su nasoslarını və ya kompressorları işlətmək üçün əlverişlidir.

Яндекс.Метрика

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz