Elektron poçtun tarixi  Dünyada ilk poçt proqramının və ilk elektron məktubun müəllifi professor Rey Tomlinson hesab olunur. Doğrudur, Tomlinson ilk məlumatı göndərdiyi tarixi dəqiq xatırlamır. Buna baxmayaraq bu günü şərti olaraq 2 oktyabr 1971-ci ildən götürürlər. Elektron poçtun "atası" adlandırılan Tomlinson əslində "e-mail"i olduğu şəkildə kəşf etməyib. Hələ 1965-ci ildə ABŞ-ın Massaçusest Texnoloji Universitetinin alimləri məlumat mübadiləsi etməyə imkan verən proqram hazırlayıblar. Lakin proqramın bir əhəmiyyətli qüsuru olub. Belə ki, məktubu göndərən və alan eyni kompüterdən istifadə etməli idi. Məhz Tomlinson müxtəlif yerlərdə yerləşən kompüterlər arasında elektron yolla məlumatların ötürülməsini mümkün edib. Tomlinson istifadəçinin adını kompüterin adından fərqləndirmək üçün "@" işarəsindən istifadə etməyi təklif edib. O zaman ilk poçt proqramından istifadə edə bilən insanların sayı sadəcə olaraq bir neçə yüzdən çox olmadığına görə professorun elektron poçt kəşfi çox uğur qazanmayıb. Lakin ötən 40 ildə dünya texnologiyası daha sürətlə inkişaf etdiyindən elektron poçtdan istifadə edənlərin sayı da durmadan artdı. Belə ki, 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil edib.

Hazırda e-poçt ünvanlarının ümumi sayının 2,9 milyarda çatdığı bildirilir. Son illər "e-mail"in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir.

Eyni zamanda, texnologiyaların sürətli inkişafı mübahisə edilməz faktdır və artıq indidən bəzi alimlər gələcəyin elektron poçtunu yaratmağa başlayıblar. Belə ki, onlar iddia edirlər ki, fikirlərin ötürülməsi vasitəsilə ünsiyyət qurmaq imkanı yaransa, poçt serverlərinə və kompüterə ehtiyac olmayacaq.

"E-mail" Azərbaycanda

Dünyada elektron poçtlar populyarlaşdıqca ölkəmizdə də ondan mütəmadi şəkildə istifadə edilməsinə başlanıldı. Bu zaman da xarici domenlərin altında olan internet ünvanlarından istifadə olundu. Onlar "mail.ru", "rambler.ru", "yahoo.com" və digərləridir. Adları sadalanan poçtlar uzun müddət istifadə olunduğu üçün daha çox məşhurlaşa bildi. Lakin bir müddət keçdikdən sonra Azərbaycanda da milli domen altında elektron poçt xidməti göstərən internet resursları yaradıldı. Bununla da internet istifadəçiləri milli domen altında öz məktublarını göndərməyə maraq göstərdilər. Ölkənin ilk milli internet ünvanlarından olan "box.az" 2000-ci ilin avqustundan fəaliyyət göstərir. Hazırda onun 180 min istifadəçisi var. Hər gün onunla 800 min məktub alınır, 3500-ü göndərilir. Hər dəqiqə 500-dən çox məktub ötürülür.

Elektron poçtların problemləri

Dünyada elektron poçtlar inkişaf etdikcə və ondan istifadə edənlərin sayı artdıqca bir sıra şirkətlər bundan yararlanmağa başladılar. Bu cür şirkətlər elektron poçt istifadəçilərinə müxtəlif spamlar göndərərək satdıqları malları reklam etməyə nail oldular. Bu azmış kimi, bir sıra viruslar yaradılaraq "e-mail"lərə göndərilir ki, bunun da nəticəsində istifadəçinin kompüteri sıradan çıxarılır. Ona görə də bu cür məktubların tez-tez alınması istifadəçilərin haqlı narazılığına səbəb oldu. Bir sıra insanlar elektron poçta gələn spamları açmadan silməli oldu. Bu da sözsüz ki, əlavə vaxt tələb edir. Məhz bu səbəbdəndir ki, elektron poçtlardan imtina olunmağa başlanıldı. Hazırda dünyada bu istiqamətdə bir-birinə zidd tendensiyanın getdiyi müşahidə olunur. Yəni insanlar bir tərəfdən elektron poçtdan istifadədən imtina edir, digər tərəfdən isə ondan yeni istifadə edənlər meydana çıxır. Lakin bildirilir ki, internet ünvanlara göndərilən spamlar elektron poçtun əvvəlki populyarlığının saxlanılmasına olduqca mənfi təsir göstərir.

Dünyada və Azərbaycandakı spamlar



"Box.az" rəsmiləri məşhur təhlükəsizlik şirkəti olan "Symantec"in hesabatına istinad edərək bildirirlər ki, dünyada göndərilən elektron məktubların 74.2%-ni spam təşkil edir. Onlar vurğulayırlar ki, bu rəqəmləri öz statistikaları da təsdiq edir. Belə ki, "box.az"-a gələn məktubların 70-75%-nin spam olduğu aydınlaşıb.

Spamların həcminin bu qədər böyük olduğunu müşahidə edəndə qeyri-ixtiyari sual yaranır ki, bəs, onları kim və hansı məqsədlə göndərir? "Symantec" öz hesabatında bu suala cavab vermək üçün spamları qruplaşdırıb. Məlum olub ki, ən çox göndərilən spamlar bunlardır: Farmasefrika (viaqra tipli saxta dərmanlar) 37,50 faiz; Kazino-qumar 23,50 faiz; Saat və zinət əşyaları (saxta replikalar) 15 faiz; "Scam" (milyonlarla dollar vəd edən məktublar) 6,50 faiz; "18+" məzmunlu 2,50 faiz, arıqlamaq üçün vasitələr 4,50 faiz; "Software" (saxta, lisenziyasız) 1,50 faiz, digər 1,50 faiz; Diplomlar (saxta) 0,50 faiz; "Malware" (kompüterə zərər verən proqram) 0,50 faiz; "Phishing" (istifadəçinin hesabını oğurlamaq üçün) 0,50 faiz.

Beləliklə, gördüyümüz kimi, xaricdə spam tipli reklamı yalnız və yalnız saxta, keyfiyyətsiz və ya qeyri-qanuni xidmət və məhsullar üçün istifadə edirlər.

İndi isə "box.az"a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq. "Box.az" 2011-ci ilin oktyabr ayına olan statistikasına görə bildirir ki, Azərbaycanda bu sıraya beynəlxalq şirkətlər, əyləncə portalları, "hosting", "e-commerce" və onlayn elanlar, turizm, digər xidmətlər daxildir. "Siyahını davam etdirmək də olar, lakin bizim əsas məqsədimiz spamların növlərini araşdırmaqdır. Əyləncə saytlarını çıxsaq, yerdə qalan saytların bir çoxu müştəri qazanmaq istəyən ciddi şirkətlərdir. Problem də məhz burdadır – Azərbaycanda bir çox şirkət spamı normal bir marketinq aləti hesab edir. Həmçinin bizim müşahidələrimiz göstərir ki, yerli spamın həcmi hər il artır".

Elektron poçtun populyarlığı getdikcə azalır

"ComScore" şirkəti tərəfindən keçirilmiş irimiqyaslı tədqiqat nəticəsində məlum olub ki, dünyada elektron poçtdan istifadə edənlərin sayı getdikcə azalır. 2011-ci ilin dekabr ayında elektron poçt vasitəsi ilə əlaqə saxlayanların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə üçdə bir qədər azalıb. Bu göstərici 18-24 yaş kateqoriyasına aiddir. 35-44 yaş kateqoriyasında elektron poçtun populyarlığı 1%, 55-64 yaş kateqoriyasında isə 7 % azalıb.

Mütəxəssislər elektron poçt sahəsindəki bu vəziyyəti mobil qurğuların geniş yayılması ilə əlaqələndirirlər. "Gmail" kimi bir sıra poçt veb-xidmətləri saytların mobil versiyalarını təklif etmələrinə baxmayaraq, onlara tələbat aşağıdır. Belə ki, istifadəçilər standart əlavələrdən istifadə etməyə üstünlük verirlər.

Analitiklər qeyd edirlər ki, bu tendensiya gələcəkdə də davam edəcək. Belə ki, proqnozlara görə, stolüstü kompüter bazarı əvvəlki vəziyyətini mobil elektronika bazarı fonunda bərpa edə bilməyəcək.

"ComScore" şirkətinin statistikasına əsasən, 12-17 yaşlı veb istifadəçilər tərəfindən göndərilmiş elektron məktubların sayı keçən il ərzində 25% azalıb. Həmçinin elektron poçt xidməti göstərən resursların davamiyyəti 6,6% azalıb.

İT xidmətlər bazarında dünyanın ən böyük şirkətlərindən biri olan Fransanın "Atos" şirkəti yaxın 1 il ərzində əməkdaşlarına elektron poçtdan istifadəni qadağan etməyi planlaşdırır. "Atos" şirkətinin icraçı direktoru Tyerri Bretonanın fikrincə, əməkdaşlar hər gün elektron məktubların təhlilinə çox vaxt sərf edirlər. Bu halda isə məktubların yalnız 10%-nin faydalı məlumatlara malik olduğu üzə çıxıb. Rəhbər əməkdaşlara alternativ kimi ani mesaj xidmətlərindən və korporativ çatlardan istifadəni təklif edir. O, son 3 il ərzində "email"-dən istifadə etmədiyini bildirib.

"Facebook" elektron poçtların sonunu yaxınlaşdırır

"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberq hesab edir ki, elektron poçtun populyarlığının pik dövrü artıq arxada qalıb. Onun qənaətinə əsasən, yeniyetmələr informasiya mübadiləsi üçün tez-tez alternativ vasitələrdən istifadə edirlər. Alternativ vasitələr isə mobil telefonlardan göndərilmiş ani mesajlar və sosial şəbəkə saytları vasitəsilə olan yazışmalardır.

Mark Zukerberq hələ keçən ilin noyabr ayında öz saytında ani mesaj mübadiləsi xidmətinin təqdimatı zamanı elektron poçtun gələcəkdə olmayacağını bildirib.

"Elektron məktubların sərhədləri həddindən artıq böyükdür"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Cahandar Qədirov "Rabitə dünyası" qəzetinə bildirib ki, elektron məktubların sərhədləri həddindən artıq böyükdür: "Milli portallardan istifadə edib özlərinə elektron poçt açmış Azərbaycan vətəndaşları da az deyil, amma bu gün əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da gənclər tərəfindən yaradılan qeyri-korporativ elektron məktub ünvanları daha çox "Yahoo", "Google", "Hotmail"dədir. Xarici elektron poçt mənbələrinin verdiyi həm tez-tez yenilənən interfeysləri, həm bu poçtlara verilən texniki imkanlar, bəzi daxili şirkətlərin verdiyi imkanlara qarşı qat-qat rəqabət qabiliyyətli olur deyə, əksər kontingent bunlardan istifadə edir. Həmçinin ölkəmizdə "yandex.ru", "mail.ru" , "rambler.ru" istifadəçiləri də az deyil".

     

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz